30 apreldə Azərbaycan Cüdo Federasiyası (ACF) tərəfindən Gəncə Mall -da təcrübəli cüdo mütəxəssislərinin iştirakı ilə ustad dərsi təşkil edilmişdir. Ustad dərsi zamanı ictimaiyyətə cüdonun fəlsəfəsi, onun uşaqların və gənclərin mənəvi və fiziki tərbiyəsində oynadığı rol barədə məlumat verilib.
Tədbirdə çıxış edən ACF Prezidentinin müşaviri Natiq Bağırov hər kəsi ustad dərslərində iştirak etməyə dəvət edib. O, bildirib ki, bu cür layihələrin həyata keçirilməsində əsas məqsəd idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq və cüdo idman növünü təbliğ etməkdir.
Ustad dərsi zamanı müxtəlif cüdo fəndlərinin yerinə yetirilməsini uşaqlara və gənclərə nümayiş etdirilib, daha sonra praktik cüdo fəndlərinə maraq göstərən uşaqlar, yeniyetmələr və gənclər tatamiyə dəvət ediliblər və onlar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.
Tədbir zamanı may ayının 6-7-si Göygöldə yeniyetmələr arasında keçiriləcək Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Avropa Kuboku turniri haqqında məlumat verilib və iştirakçılar turnirdə iştirak etməyə dəvət olunub.
Daha sonra iştirakçılar üçün viktorinalar təşkil olunub, cüdo idman növü üzrə müxtəlif suallar verilib və düzgün cavab verən şəxslərə hədiyyələr təqdim olunub.